ÖMÜR YOLU  | Genealogiya

Xan özü haqqında | Həyatı | Xronologiya

 

 

İsfəndiyar (Xan Şuşinski) Aslan oğlu Cavanşir Cavanşirlər nəslindəndir.

Cavanşirlər nəslinin tarixi çox qədimdir. Bu tarixə qısa bir nəzər salaq: «Cavanşir elinin əsli türküstandan olaraq Oşirxan qəbilələrindəndir. Oşirxan Oğuz xanın dördüncü oğlu Yıldız xanın oğludur ki, bunları «Ovşar» və «Əfşar» adları ilə də adlandırmışlar. Moğol qanununca Cavanşir eli də digər Oşirxan qəbilələri kimi sağ qol ümərasından ədd edilərək cavanğardırlar. Cavanğar sağ qol, bərangar isə sol qol deməkdir. Cavangarlar sülh vaxtlarında xanın sağında oturduqları kimi, hərb zamanlarında ordunun sağ qolunda vuruşmalıdırlar. Cavanşir eli ilə Oşirxan eli Hülakü xanın ölkələr təsxir etməsi üçün özü ilə bərabər Türküstandan gətirdiyi yüz iyirmi min qoşunun cümləsinə daxildirlər ki, onlar istədikləri yerlərdə qalıb, məskən salıblar». 

Bu məlumat İran tarixçisi Rzaqulu xan Hidayətin «Rövzəfis-səfa» adlı əsərinin doqquzuncu cildində «Zikri-hali Əmir İbrahim xan Cavanşir» fəslindəndir. Folklorşünas-alim Salman Mümtaz həmin fəsli fars dilindən tərcümə etmişdir. Qeyd olunan bu qısa məlumatı tədqiqatçı-jurnalist Vasif Quliyev «Şuşa» qəzetinin 15 aprel 2011-ci il nömrəsində «Cavanşirlər» məqaləsində oxuculara təqdim edir. Həmin məqalədən bəzi nümunələr: 

On üçüncü yüzilliyin ikinci yarısında Çingiz xanın nəvəsi, Elxanilər dövlətinin ilk hökmdarı Hülakü xan İranda Abbasilər xilafətinin axırına çıxandan sonra Əfqanıstanı, Türkmənistanı, Qafqazı, Kiçik Asiyanı və başqa əraziləri öz dövlətinin tərkibinə qatdı. Hakimiyyətini daha da möşkəmləndirmək və gücləndirmək məqsədilə özü ilə Türkmənistandan gətirdiyi əfşar, qacar, kəngərli, cavanşir və başqa cəsur və döyüşkən türk tayfa birləşmələrindən ibarət minlərlə ailəni, əsasən, İraq, Suriya, Rus (indiki Türkiyə) torpaqlarında məskunlaşdırdı. Təxminən əsr yarım sonra başqa bir türk fatehi, teymurilər imperiyasının banisi Əmir Teymur Qafqaza və Kiçik Asiyaya hücum elədi. 1402-ci ildə Ankara yaxınlığında baş verən məşhur tarixi döyüşdə türk sultanı İldırım Bəyazid üzərində mühüm və həlledici qələbə çalandan sonra o, Hülakü xanın vaxtilə burda yerləşdirdiyi həmin tayfaları, o cümlədən də, cavanşirləri və qacarları özünə qışlaq yeri seçdiyi Qarabağa köçürtdü. Qacarları, əsasən, Bərdə şəhərindən Şəmkirə qədər olan ərazidə, cavanşirləri isə Bərdə ilə Araz çayına qədər olan torpaqlarda yerləşdirdi. «Cavanşir tayfası» bütün Cavanşir qəzasının adına öz izini qoydu və türk əhalisinin əksəriyyəti bu tayfadan ibarətdir». 

Azərbaycan dili inkişaf etdikcə «cavanğar» sözü də mənasını saxlamaqla formasını dəyişmiş, dilimizin fonetik qaydalarına uyğun olaraq tələffüz prosesində «Cavanşir» şəklinə düşmüş, köhnə adına nisbətən asan deyiliş forması almışdır.  

Bu «Cavanşirlər» nəslinin tarixinə dair qısa bir məlumat idi. İndi isə həmin tarixi faktlara istinad edərək bu şəcərədən olan nümayəndələri ardıcıllıqla qeyd edirik: 

1 Şah Abbas Səfəvi dövründə İbrahimxəlil ağa Cavanşir. Həmin nəsildən Mirzə Hüseyn bəy və Əlixan bəy Cavanşir qardaşları 16-cı əsrin sonlarında Cavanşirlər elinin və otuziki oymağının başçıları olmuşlar. 

İbrahimxəlil sultanın oğlu Pənahəli ağa bir müddət Gəncədə sarayda xidmət etmiş, sonra öz el-obasına qayıdaraq böyük var-dövlət sahibi olmuşdur. Pənahəli ağanın ilk övladının adı Əli olmuşdur. Uşaq sarışın olduğundan ona «Sarıca Əli» deyilmiş, zaman keçdikcə bu tayfanın əhalisi çoxalmış və onları «Sarıcalı tayfası» adlandırmışlar. 

Pənahəli xan – 1693-1763  

Pənahəli xanın oğlu İbrahimxəlil xan -1721-1806 

Pənahəli xanın 2-ci oğlu Talıbxan bəy -19-cu əsr 

Talıbxan bəyin övladları –Hüseynqulu ağa Cavanşir və Münəvvər xanım Cavanşir. 

İbrahimxəlil xanın 1-ci oğlu –Məhəmmədhəsən ağa (1766-1806) və onun anası Cavanşir minbaşının qızı Xanım 

İbrahimxəlil xanın 2-ci oğlu Mehdiqulu ağa- onun anası gəncəli Şahverdi xanın qızı Cavad xanın bacısı Xurşudbəyim. 

İbrahimxəlil xanın digər oğlu və qızları: Xanlar ağa, Əhməd xan, Məhəmmədqasım ağa, Abbasqulu bəy, Ağabəyim, Tububəyim, Baxşı xanım, Tutubəyim, Kiçikbəyim, Səltənətbəyim, Gövhərnisə, Əbülfət ağa Hüseynqulu bəy, Fətəli bəy. 

İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağanın (1766-1806) övladları. Cəfərqulu bəy, Şükrulla bəy, Xancan ağa –onların anası Gəncəli II Şahverdi xan Ziyad oğlu Qacarın qızı Xeyransadır. 

Məhəmmədhəsən ağanın oğlu İbrahimxəlil xanın nəvəsi, Pənahəli xanın nəticəsi Xancan ağa -1792

Xancan ağanın oğlu Məhəmmədhəsən xanın nəvəsi, İbrahimxəlil xanın nəticəsi, Pənahəli xanın kötükcəsi Mahmud ağa -1825

Mahmud ağanın oğlu, Xancan ağanın nəvəsi, Məhəmmədhəsən ağanın nəticəsi, İbrahimxəlil xanın kötükcəsi, Pənahəli xanın nəslindən olan Aslan ağa 1865. 

Aslan ağanın oğlu Mahmud ağanın nəvəsi, Xancan ağanın nəticəsi, Məhəmmədhəsən ağanın kötükcəsi, İbrahimxəlil xanın və Pənah xanın nəslindən olan İsfəndiyar-Xan Şuşinski -1901-1979. 

 

Xan Şuşinskinin övladları 

Bəyimxanım Cavanşirova-Verdiyeva - 05.08.1958 

Zümrüd Paşayeva - 23.08.1960

Aslan Cavanşirov - 07.01.1962 

Səadət Cavanşirova - 01.08.1964

     

 

 

 

 
® Xan Şuşinski Fondu; Musiqi Dünyası, 2013 Layihənin iştirakçıları