YARADICILIĞI

Xanın mahnıları | Notoqrafiya | Diskoqrafiya

 

Məlumdur  ki, Xan Şuşinskiyə qədər  lirik  muğam  olan "Mirzə  Hüseyn segahı" çox bəsit və sadə ifa olunaraq, dinləyiciyə kiçik həcmdə təqdim edilirdi.  Xan Şuşinski şəxsi ustalığı və faydalı sənət axtarışları hesabına "Segah" muğamının əvvəlinə "Manəndi – Müxalif" şöbəsini əlavə edərək, muğamı daha təsirli, həcmli və dramatik səsləndirməklə, ifaçıya öz istedad və bacarığını ifadə etmək üçün daha geniş imkan yaratmışdır.

Bununla Xan Şuıinski haqlı olaraq özünü müasir "Mirzə Hüseyn Segahı"nın müəllifi adlandıra bilərdi. Bu onunla izah edilirdi ki, Xandan sonra gələn bütün xanəndələr  "Segah"ı  məhz  "Manəndi – Müxalif" şöbəsi ilə -Xan üslubunda oxumuş və bu gün də həmin dəst – xətlə ifa edirlər. Eləcə də o,  "Rast" muğamına "Dilkəş" və "Rak" şöbələrini qaytararaq  muğamın həcmini genişləndirməklə yanaşı, onu dinləyiciyə daha maraqlı və xoş həyəcan hissləri oyadan, qulağa yatımlı etmişdir.

 Xan  Şuşinski ilk  dəfə qadın ifaçı ilə birgə duet ifasının təşəbbüskarı, duet (deyişmə) mahnıların  ilk müəllifi  və ilk ifaçısı olmuşdur.  İyirmidən çox mahnı və bir - neçə təsnifin, eləcə də üç duet – mahnının ("Şuşanın dağları,"  "Ay gözəl", "Ölürəm a ceyran bala",  "Məndən gen gəzmə" "Al yanağında", "Qəşəng Ceyran", "Qəmərim", "Bağda sarmaşıq", "Ay dilbər", "Ay qara qız", və  "Dağlarda çiçək") müəllifi olmuşdur. Həmin mahnıların melodiyaları ilə bərabər əksəriyyətinin sözləri də şəxsən Xan Şuşinskiyə məxsusdur. Bundan əlavə bir-neçə aşıq havasının Xan tərəfindən işlənərək müğənni səsinə uyğunlaşdırıldığı məlumdur ki, bunlardan "Apardı sellər Saranı", "Qaçaq Nəbi" və s. misal göstərmək olar.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 22.04.2004-cü il tarixli, 631 saylı şəhadətnamə ilə Xan Şuşinskinin bəstələdiyi mahnılarına müəllif hüquqları təsdiq edilmişdir.

Ü.Hacıbəyli 1920-ci ilin payızında Qarabağda yerli gənc ifaçıların bacarıqlarını imtahan etmək məqsədilə komissiya təşkil edir. Xan Şuşinski bu komissiyada səs və ifa qabiliyyətini özünəməxsus, bir qədər qeyri – adi formada təqdim edir. Üzeyir bəy xanəndəni dinlədikdən sonra onun səsini çox bəyənir və Xan Şuşinski öz dəstəsi ilə Üzeyir Hacıbəylinin  rəhbərliyi altında  Bakıdan gəlmiş incəsənət xadimlərindən ibarət təşviqat qatarının nümayəndələrinə qoşularaq ustad sənətkar Cabbar Qaryağdıyla birgə respublikanın bölgələrini qarış – qarış dolaşıb, hərbi hissələr və kənd əməkçiləri qarşısında saysız – hesabsız konsertlər vermişdir.

Yeni qurulan sovet hakimiyyəti özü ilə gətirdiyi yeni idealogiyanı xalqların təfəkkürünə yeridərək, hər vasitə ilə milli dəyərləri, əsrlərin sınağından keçib gəlmiş xalq yaradıcılığı nümunələrini   müxtəlif bəhanələrlə məhv etməyə çalışır və onları təbliğ edənlərə qarşı amansız mübarizə aparırdı.

Xalq yaradıcılığından, milli muğamlarımızdan bəhrələnən bir nəğməkar olduğu üçün Xan Şuşinski də daim belə təqiblərə məruz qalırdı. Belə ki, bəstələdiyi və sevə - sevə oxuduğu  "Şuşanın dağları" ( "başı dumanlı" kəlməsində nəyə eyham etdiyi, burada mavi "duman", "qırmızı" qofta, "yaşıl" tuman sözləri ilə  Azərbaycan Demokratik Respublikasının sovetlər dövründə qadağan olunmuş bayrağınamı işarə etməsi, ona irad tutularaq təcili olaraq mahnının sözlərinin dəyişdirilməsi tələb edilmişdi. )  mahnısında Xan, nə demək istədiyi  sualı ilə  dəfələrlə inzibati orqanlara çağırılaraq izahat verməli olub.

Nəticədə Xan Şuşinski xüsusi senzura komissiyasını həmin mahnının yalnız bir kəlməsinin  ("Şuşanın dağları  başı dumanlı" əvəzinə,  "Şuşanın dağları deyil dumanlı")  dəyişdirilməsinə razı salmışdır. Eləcə də digər bir ifasında Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından  bir hissəni oxuyarkən "Haşa ki, könül Xosrova pabənd ola bir də" cümləsində sovet senzura nümayəndələri tərəfindən,  fəhlə və kəndli hökumətinin  sinfi düşməni hesab edilən Şah Xosrov Pərvizin  Xan Şuşinski tərəfindən təbliğ edilməsi ona irad tutulduğundan, xanəndə həmin misranı "Haşa ki, könül hüsnünə pabənd ola bir də" kimi oxumaq məcburiyyətində qalmışdır. Habelə "Qarabağ Şikəstəsində" "Fələk vay – vay, İllaci mən Fələk vay",  "Ölürəm" kəlmələrinin   "azad, xoş güzərana qovuşmuş işıqlı kommunizm gələcəyi quran" sovet əməkçi adamının ruhuna zidd ifadələr olduğundan, muğamın mətnindən çıxarılması tələbi ilə qarşılaşan Xan Şuşinski, dəfələrlə aidiyyatı məmurlara təmkinlə izah edərək  "Qarabağ şikəstəsi" muğamında yaralı, şikəst aşiqin  çəkdiyi ah – nalə, dərd – sərdən söhbət açıldığı zaman burada  xoşbəxtlikdən danışılmasının qeyri – mümkün olmasına inandıra bilmişdir.

Xan Şuşinski 1923-cü ildə İlk dəfə Bakıya dəvət olunub kütlələr qarşısında geniş musiqi proqramı ilə çıxışlar etmişdir. Paytaxt sakinləri o vaxta qədər eşitmədikləri möcüzəli bir səsin şahidi olurlar. O vaxtdan etibarən mütəmadi olaraq Xan Bakıya dəvət olunub, maraqlı çıxışlar etmişdir. Konsertlərə tamaşa etməyə gələnlərin həddən artıq çox olması nəzərə alınaraq, asayişin keşiyinə xüsusi atlı milis dəstələri cəlb olunar, buna baxmayaraq Xana tamaşa etmək istəyənlərin konsert salonlarının qarşısında yaratdığı basa – basdan hər dəfə  qapı və pəncərələr qırılaraq yararsız hala salınarmış.

Xan Şuşinski 1926-cı ildə Ağdan şəhərində yerli musiqiçilərdən ibarət xalq çalğı alətləri ansamblı təşkil etmiş, bir müddət həmin ansamblın müşayəti ilə Qarabağda və yaxın bölgələrdə geniş kütlələr qarşısında rəngarəng repertuarla çıxışlar edərək, hərbi hissələrdə, kolxoz  və sovxoz əməkçiləri qarşısında təbliğat – təşviqat tədbirlərində muğam, təsnif və xalq mahnıları ifa etmişdir.

Üzeyir Hacıbəyli  Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək onun ifasında xüsusilə "Sarənc", "Simayi Şəms" və "Qarabağ şikəstəsi" muğamlarından, eləcə də "Alma almaya bənzər", "Qara qaşın vəsməsi"  və "Qaçaq Nəbi" mahnılarından  yüksək zövq aldığını dəfələrlə vurğulayar, Xanı opera ifaçılığına cəlb etməyə razı sala bilməməsindən  təəssüfləndiyini etiraf edərdi. Təsadüfi deyil ki,   Üzeyir Hacıbəyli  1926-cı ildə bəstələdiyi  "Qara göz"   mahnısını    ilk ifaçı kimi Xan Şuşinskiyə təqdim etmiş və Xan   həmin mahnını sevə - sevə uzun illər öz repertuarında səsləndirmişdir.

Ü.Hacıbəyli  Xanın ali musiqi təhsili almaq üçün İtaliyanın Neapol Konservatoriyasına göndərilməsində təkid etsə də oxuduğu muğamlara sədaqətli olan Xan Şuşinski ailə vəziyyətini - atasının qoca və xəstə olmasını bəhanə gətirərək İtaliyadakı vokal ifaçılq təhsilindən imtina etmişdir.

1928-ci ildə Xan Şuşinski ilk dəfə rəsmən Tiflisə və İrəvana dəvət alıb geniş tamaşaçı auditoriyası qarşısında silsilə konsertlər verib, böyük uğur qazanmışdır.

1934-cü ildə Tiflisdə keçirilən  Zaqafqaziya Xalqlarının 1-ci İncəsənət Olimpiadasında iştirak edən Xan Şuşinski Olimpiadanın qalibi adına layiq görülmüşdür.

Öz yaradıcılığında  Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına  görə 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə gələrək, bir il müddətinə "səsi alınaraq" -  kütləvi yerlərdə - el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulmuş, bu səbəbdən də  1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından kənarlaşdırlmışdır. Həmin dövrdə Azərbaycan  Respublikasına rəhbərlik edən M.C.Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda, ona – Xan Moskva Dekadasında iştirakdan imtina etdi, cavabı verilmişdir. Şübhəsiz bu M.C.Bağırovu çox qəzəbləndirdiyindən o,  Xanın barəsində qəti cəza  tədbirinə qərar versə də   məsələni aydınlaşdırarkən  Xan Şuşinskiyə xoş münasibət bəsləyən bir qrup ziyalı respublika rəhbərinə həqiqi vəziyyəti, Xanın kütləvi və dövlət tədbirlərində  təmənnasız göstərdiyi xidmətləri  izah etdikdən sonra  M.C.Bağırov Xanın  o dövrdə yaşadığı Ağdam rayonundan 24 saat ərzində Bakı şəhərinə köçürülməsi və Filarmoniyada işlə təmin olunması barədə göstəriş vermişdir. Xan Şuşinski ailə üzvləri ilə birlikdə təcili olaqar paytaxta köçürülərək mənzillə təmin edilmiş və 1939-cu ilin iyun ayından etibarən qardaşı Allahyar Cavanşirovla birlikdə  Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.

Xan Şuşinski incəsənət xadimləri içərisində ən çox hamilik konsertləri vermiş sənətkardır. Belə ki, müharibə illərində o, cəbhəyanı bölgələrdə, hərbi çağırış məntəqələrində, strateji əhəmiyyətli müəssisələrdə, zavod – fabriklərdə hərbçilər və fəhlələr qarşısında yorulmadan, təmənnasız çıxışlar etmiş və bununla da döyüşçülərdə nikbin ruh yüksəkliyi yaratmış, xalqın qələbəyə inamına dəstək olmuşdur.

Xan Şuşinski  mədəniyyət sahəsində yeganə şəxsdir ki,  Vətən və xalq qarşısında təmənnasız xidmətləri, nümunəvi fəaliyyəti və böyük sənətkarlıq  bacarığı nəzərə alınaraq, Əməkdar Artist adı almadan, 1943-cü ildə birbaşa Xalq Artisti adı ilə təltif edilmişdir.

1944-cü ilin yazında Xan Şuşinski mədəniyyət və incəsənət xadimlərindən ibərət böyük heyətlə qonşu İran dövlətinə səfərə getmiş və üç ay müddətində İranın 22 şəhərində, o cümlədən  Tehran, Təbriz, Rəşt, Ərdəbil, Qəzvin, Astara, Marağa və s.  geniş repertuarla çıxışlar edib, böyük tamaşaçı rəğbəti qazanmaqla Azərbaycan  incəsənətinin nailiyyətlərini İran xalqına nümayiş etdirmişdir. Səfər zamanı  İran Şahının "Şimran" sarayında təşkil edilmiş ziyafətdə yüksək zövqlə ifa etdiyi "Mirzə Hüseyn segahı" və "Qarabağ şikəstəsi"-nə görə İran Şahının xüsusi mükafatlarına layiq görülmüşdür. Xan Şuşinski bir – neçə aparıcı sənətkarlarla birgə təşəbbüs göstərərək İran səfərindən qazandığı  mükafatları, o cümlədən çox qiymətli zinət əşyalarını və qızıl pul kütləsini təmənnasız olaraq müharibə aparan Sovetlər Ölkəsinin Müdafiə Fonduna təhfil vermişdir. İran səfəri zamanı Xan Şuşinskini,  artıq ömrünün ixtiyar çağlarında olan Əbülhəsən Xan İqbal Azər Soltanla, eləcə də  mürəkkəb tale yaşamış İranda  mühacirətdə olan məşhur Bakı xanəndəsi və neftxudası  olmuş  Seyid Mirbaba  ilə  görüşdürürlər. Əbülhəsən Xan,  Xan Şuşinskini dinlədikdən sonra onun həqiqətən muğamatın xanı adına layiq bir sənətkar olduğunu etiraf etmişdir. O, Azərbaycandan olan nümayəndə heyətinin tədbirlərində yaxından iştirak edib və lazımi köməkliklər göstərmişdir. 

1943 - 44-cü illərdə "Gürcüstanfilm" və "Mosfilm" kinostudiyalarının birgə lentə aldığı tarixi "Georgi Saakadze" filmində Xan Şuşinskinin ifasında yazılmış "Heyratı", "Zəminxarə" və "Segah" muğam parçalarından çox məharətlə istifadə edilmişdir.
1944-cü ilin dekabrında Xan Şuşinski Tiflisdə keçirilən Zaqafqaziya Respublikalarının İncəsənət dekadasında müvəffəqiyyətlə çıxışlar edərək,  ən ali mükafatla  təltif olunmuşdur.

 Azəbaycan müğənniləri içərisində ilk dəfə xalq çalğı alətləri orkestrinin  müşayəti ilə muğam, dəstgah ifa edən Xan Şuşinski olmuşdur. O, sonradan ilk xanəndə olaraq Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Niyazinin "Rast" simfonik muğamında yüksək zövqlə oxuyaraq, eyni zamanda səlis ifa və ritm bacarığı nümayiş etdirmıişdir. Yaradıcılığında əsasən Füzulinin şeiriyyatına, eləcə də Nizaminin, Vaqifin, Zakirin, Vahidin, Cavidin, Rahimin, Vurğunun qəzəllərinə və el bayatılarına üstünlük vermiş,  təkrarçılığın əleyhinə olmuşdur. Səsi qeyri – adi gücə malik olduğundan ifaçılığında heç vaxt mikrafon və bu kimi səs gücləndirici vasitələrdən  istifadə etməmiş,  eyni zamanda mahir qaval çalmaq qabiliyyətinə malik olmuşdur. İfası zamanı qavalı havaya atıb – tutar, bu zaman heç vaxt ritmin itməsinə yol verməzmiş.  

1946-cı ildə Özbəkistan və Azərbaycan  kənd təsərrüfatı qabaqcılları və incəsənət xadimlərinin qarşılıqlı yarışma və mədəni mübadilə tədbirləri çərçivəsində Özbəkistanda olmuş, maraqlı və yadda qalan çıxışlar etmişdir.

1956-cı ildə Ü.Hacıbəylinin  "Məşədi İbad" operettası əsasında çəkilən "O olmasın, bu olsun" filmində Xan Şuşinski kiçik bir rol olan, xanəndə obrazını böyük məharətlə ifa etmiş, filmdə kadr üçün ayrılmş 2  dəqiqəyə yaxın məhdud vaxt ərzində  xüsusi ustalığı hesabına 14-16 dəqiqəlik "Şahnaz" muğamının bütün guşə və məqamlarını ifadə etməyə müyəssər olmuşdur.

Xan Şuşinski 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında böyük müvəffəqiyyətlə çıxışlar etmişdir.

1959-cu ildə Vətən qarşısında göstərdiyi xidmətlərə görə "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir.

1969-cu ildə Bakıda keçirilən "Qızıl payız" musiqi festivalında Xan Şuşinski münsiflər heyətinə qatılaraq, festival müdavimlərinin ifalarını qiymətləndirməklə yanaşı,  dəyərli məsləhət və tövsiyyələr vermişdir.

 1970-ci ildə  Xan Şuşinskinin təklifi ilə  Azərbaycan Dövlət Filarmoniyasının nəzdində  "Muğam studiyası"   yaradılmış  və 1976-cı ilə qədər fəaliyyət göstərmiş bu qurumda Xan Şuşinskinin rəhbərliyi ilə ustad sənətkarlardan təşkil edilmiş münsiflər heyəti  respublikanın müxtəlif bölgələrindən istedadlı  gəncləri taparaq üzə çıxarmış və  hazırda məşhur xanəndələr kimi tanınan bir çox sənətkarlar məhz bu studiyada Xan Şuşinskidən muğam dərsləri alaraq, püxtələşmişlər.

1971-ci ilin 30 dekabrında Azərbaycan Dövlət Filarmoniyasında qocaman xanəndə -Xan Şuşinskinin 70 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Tədbirin sonunda Xan Şuşinski,  yetirmələri – Sara Qədimova və Yaqub Məmmədovla birgə "Qarabağ şikəstəsi" ifa etmiş və gənc xanəndələrə üzünü tutaraq, babalarımızdan və ustad sənətkarlardan ona əmanət edilən Azərbaycan muğamlarını  illərin çətin sınağından min – bir əziyyətlə keçirib,  günümüzə  gətirib çıxardığını və bu ərmağanı qoruyaraq, gələcək nəsillərə olduğu kimi çatdırmağı vəsiyyət etmişdir.

1973 – 1979-cu  illərdə Xan Şuşinski A.Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2001-ci ildə Ümumilli lider Heydər Əliyev cənablarının 20.07.2001-ci il tarixli sərəncamı ilə Xan Şuşinskinin 100 illik yubileyi Respublikamızın bir çox bölgələrində, o cümlədən paytaxtın geniş konsert salonlarında və son olaraq ölkəmizin  baş  sarayında böyük qələbəliklə qeyd edilmişdir.

Xan Şuşinskinin anadan olmasının 110 illiyi  2011-ci ildə    bir sıra mədəniyyət və tədris ocaqlarında qeyd edilməklə  yanaşı,   son olaraq Beynəlxalq Muğam Mərkəzində keçirilməklə yubiley tədbirlərinə yekun vurulmuşdur.

Xan Şuşinskinin ifasında "Mirzə Hüseyn segahı", "Zabul", "Segah zabul", "Mahur hindi", "Orta mahur", "Zəminxarə",  "Şur", "Arazbarı", "Rast", "Qarabağ şikəstəsi", "Heyratı", "Şahnaz", muğamları, "Qatar", "Bəstə Nigar", "Dilkeş" təsnifləri və  bir çox xalq mahnıları, o cümlədən özünün bəstələdiyi nəğmələr müxtəlif illərdə bir neçə dəfə lentə  və qrammofon vallarına yazılaraq bu gün də Azərbaycan Respublikasının Qızıl fondunda qorunmaqdadır.

Sovet hakimiyyəti illərində Xan Şuşinski   "Şərəf nişanı" ordeni ( 1959-cu ildə ), eləcə də   xeyli   medal və döş nişanları ilə təltif edilmişdir. Fəaliyyəti dövründə qafqaz respublikaları, eləcə də digər müttəfiq respublikaların incəsənət xadimlərinin iştirak etdiyi ən nüfuzlu xalq sənəti yarışmalarında iştirak etmiş  və daim 1-ci yerə layiq görülmüşdür. Sovet İttifaqının müxtəlif fəxri fərman və mükafatları ilə təltif olunaraq,  Azərbaycan mədəniyyətinin işıqlı tarixinə adını əbədi  həkk etdirmişdir.
Sovet hakimiyyəti illərində Xan Şuşinskiyə dəfələrlə Kommunist partiyası sıralarına daxil olmaq təklif olunsa da bunun çox məsuliyyətli iş olduğunu bəhanə gətirərək, partiya üzvlüyündən imtina etmişdir.

Aslan Cavanşirov

 

 
® Xan Şuşinski Fondu; Musiqi Dünyası, 2013 Layihənin iştirakçıları